Müəllimlərin builki işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq ediləcək
Bakı, 16 iyul, AZƏRTAC
Ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, müəllimlərin builki işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı canlı yayımda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin tələblərinə riayət edilməklə əvvəlcədən elan olunmuş qrafikə uyğun keçiriləcək. Hər bir imtahan mərkəzində, eyni zamanda, imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumtəhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı yaradılacaq.