Murmansk şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edilir
Bakı, 19 fevral (AZƏRTAC). Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional bölməsinin ofisində həmişə canlanma olur. Hazırda burada Azərbaycanın ən yeni tarixində ən faciəli hadisələrdən birinə - Xocalı şəhərində ermənilərin törətdikləri soyqırıma həsr olunmuş silsilə tədbirlər planının işlənib hazırlanması başa çatır.
ÜAK Murmansk regional bölməsinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, buraya gələnlər Qarabağ münaqişəsi, onun ölkəmiz üçün verdiyi ağır nəticələr haqqında fotosənədlər və kitablar - “Qarabağ gerçəklikləri” seriyasından olan nəşrlər, “Azərbaycan”, “Şuşa. Qrafika”, “Çiçək və işıq”, “Qarabağ gündəliyi” (müəllif - Yuri Pompeyev), “Şəxsiyyət və zaman” (müəllif - Elmira Axundova), “Taleyin kəşməkəşləri. Heydər ƏIiyev” (müəllif - Nikolay Zenkoviç) və s. fotoalbomları ilə, habelə “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə tanış ola biləcəklər.
ÜAK-ın regional bölməsinin rəyasət heyətinin üzvü, iqtisadçı Amil Vəliyev görüləcək işlərdən danışarkən ofisin foyesində hazırlanmış fotokompozisiyanı - təpədən-dırnağadək silahlanmış erməni separatçılarının dinc sakinlərə tutduqları qanlı divanın epizodlarını əks etdirən kompozisiyanı şərh edir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olmuşdur. Erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatmış şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktı törətmişlər.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının və bir sıra beynəlxalq strukturların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına və ölkəmizin ərazi bütövlüyü çərçivəsində problemin obyektiv həlli yollarının axtarılıb tapılmasına dair qətnamələrinə və qərarlarına baxmayaraq, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar indiyədək heç bir nəticə verməmişdir”.
Maraqlıdır ki, xalqımızın həyatında faciəli tarixə həsr olunmuş tədbirlərdə Rusiyanın Murmansk vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak edəcəklər.
Yerli KİV-lərdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında materiallar dərc olunacaqdır.