Müsabiqə qaliblərinin rəsm əsərləri Moskvaya göndərilib
Bakı, 28 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Moskvada keçirilən uşaq rəsm müsabiqəsində iştirak edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ölkəmizin həmin müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, gənc rəssamlarımıza Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkillərin müsabiqəyə təqdim edilməsinə razılıq verilib. Müsabiqə iştirakçıları yazıçıların əsərlərinə dair şəkillər təqdim ediblər. Zəhra Həşimlinin (İ.A.Krılov “Tülkü və üzüm”), Rauf Məmmədovun (А.Belyayev “Amfibiya adamı”), Aysu Bağırovanın (К.Doyl “Baskervilərin iti”), Zəhra Qəribovanın (P.Bajov “Serebryannoye kopıtse”), Zeynəb Quliyevanın (А.Belyayev “Ostrov poqibşıx korabley”) və Ana Tetraşvilinin (B.Bianki “Mavi qurbağalar”) çəkdikləri rəsmlər yekun turda iştirak etmək üçün Moskvaya göndərilib. Bundan başqa, Moskvada yaşayan həmvətənimiz, 10 yaşlı Kamilla Nəbiyevanın iki rəsmi (А.Rzayeva “Kukla”, Sevinc Ağa Xəlilqızı “Yalqız canavar”) müsabiqəyə təqdim edilib.
Müsabiqəyə aprelin sonunda Moskva şəhərində yekun vurulacaq.