MÜSTƏQİL QRUP İKİNCİ MƏRUZƏSİNİ AÇIQLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, məruzə Türkiyəyə, habelə bu layihə ilə əlaqədar Azərbaycan, Gürcüstan və Türkiyədə ekoloji təhlükəsizliyin təmin edilməsi və insan hüquqlarının gözlənilməsi problemlərinə həsr olunmuşdur. Qrup bp-yə 100-dən çox tövsiyə təklif edir. Bu tövsiyələr elə bir vəziyyət yaradılmasına yönəldilmişdir ki, BTC və onunla bağlı layihələr gələcəkdə transmilli şirkətlər keçid dövrünü yaşayan dövlətlərə iri məbləğdə vəsait qoyarkən onlar üçün nümunə olsun.
CDAP bir sıra mühüm tədbirlər sırasında davamlı inkişafı əsaslandırılmış sürətlə təşviq etməyi məsləhət görür, məsələn, Xəzəryanı Bölgənin İnkişaf Fondu kimi orqan yaradılmasını tövsiyə edir. Bu orqan regionda əlavə sərmayə proqramlarına məqsədyönlü şəkildə yanaşmalı və həmin layihələrin həyata keçirildiyi bütün müddət ərzində maliyyə vəsaitlərinin ardıcıl surətdə cəlb olunmasını təmin etməlidir. Belə bir qrup bp-nin kapital qoyuluşlarının artıq mövcud olan fondlarını yerli inkişafa, sosial inkişafa və ətraf mühitin mühafizəsinə, özəl bölmənin və dövlət qurumlarının əlavə vəsaitlərini inkişaf proqramlarına yönəltməyə, regionun hər yerində dövlət təşkilatları ilə özəl təşkilatlar arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasını asanlaşdırmağa kömək edərdi.
CDAP Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkildiyi və onunla bağlı digər layihələrin həyata keçirildiyi ərazidə iqtisadiyyata, ətraf mühitə və sosial vəziyyətə, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyədə fəaliyyətinə təsir göstərilməsinə dair bp-yə obyektiv tövsiyələr verilməsi üçün müstəqil məşvərət orqanı kimi şirkətin prezidenti lord Con Braun tərəfindən 2003-cü ilin yanvarında yaradılmışdır.
Xatırladaq ki, CDAP-ın cari ilin avqustunda açıqlanmış birinci məruzəsi Azərbaycan və Gürcüstana həsr edilmişdi.