Mütəxəssis: Antibiotiklərin reseptsiz dövriyyəsinin qarşısı alınmalıdır
Bakı, 5 oktyabr, AZƏRTAC
“Ümumdünya praktikasına görə, bir sıra vacib dərmanlar əhaliyə əlçatan olmalıdır. Hər bir ölkənin vacib dərmanlar siyahısı fərqlidir. Çünki preparatlar həmin ölkələrdə nisbətən daha çox yayılan xəstəliklərə uyğun olaraq müəyyən edilir”.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı Fərəh Mədətli deyib. O qeyd edib ki, vahid dərman siyasəti bütün dünyada əlçatanlığı insan orqanizminə mənfi təsir etməyəcək preparatlara şamil olunur. Tarif Şurasının dərmanlarla bağlı qərarı ölkədəki vahid dərman siyasətini bərqərar etməyə kömək edəcək. Hazırda sosial dəstəyə ehtiyacı olan insanların bahalı dərmanları daha münasib məbləğdə əldə etmək imkanı yaranıb.
F.Mədətli antibiotiklərin reseptsiz satışına da münasibət bildirib: “Bir qrup dərman orqanizmdə asılılıq yaradır və bədən həmin dərmanların qəbuluna öyrəşir. Antibiotiklər bu qrupa daxil olan preparatlar siyahısındadır. Əgər antibiotiklər davamlı olaraq istifadə edilərsə, həmin dərmana ehtiyac yarandığı təqdirdə effektiv olmayacaq. Antibiotik preparatlarının reseptsiz dövriyyəsinin qarşısı alınmalı, əhali isə öz səhhətinə daha ciddi yanaşmalıdır. Lazım olmadığı təqdirdə antibiotiklərə müraciət etmək orqanizmi gələcək təhlükələrə qarşı müdafiəsiz edir”.