MÜXALİFƏT MƏTBUATININ NÖVBƏTİ AĞ YALANI
Məqalə müəllifləri Azərbaycan parlamentinin sədrinə belə şər və böhtan atmaqdan çəkinməmişlər. Milli Məclis sədrinin guya, erməni parlamentinin yeni başçısı Tiqran Torosyanı sədr seçilməsi münasibətilə təbrik etməsi barədə xəbər heç bir fakta söykənməyən ağ yalan və erməni təbliğatının növbəti uydurmasıdır. Düşmən təbliğatına rəvac verən bəzi cızmaqara müəllifləri isə bu uydurmanı gerçəklik kimi oxuculara təqdim etmək istəmişlər.
Milli Məclisin sədri tərəfindən Ermənistan parlamentinin sədrinə heç bir məktub göndərilməmiş və heç bir təbrik olmamışdır. Təcrübəli və vətənpərvər bir dövlət xadimi kimi Milli Məclisin sədri Oqtay Əsədov keçirdiyi bütün görüşlərdə və beynəlxalq təşkilatlardakı çıxışlarında dəfələrlə ermənilərin işğalçılıq siyasətini ifşa etmiş, onların xalqımıza qarşı törətdikləri vəhşilikləri faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Spikerə vətənpərvərlik dərsi keçmək istəyənlərin nəzərinə çatdırırıq ki, onun atası Sabir Əsədovun erməni vəhşilikləri haqqında qələmə aldığı “Böyük Ermənistan haqqında mif”, “Terrorizm - səbəb və nəticələr” və digər kitabları nəinki ölkəmizdə, hətta Azərbaycanın hüdudlarından kənarda da geniş ictimaiyyətə yaxşı məlumdur.
Məqalə müəllifləri unudurlar ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında sədrlik ratasiya qaydasında aparılır. Növbəti dövrdə təşkilata rəhbərlik Azərbaycana keçir. Bu baxımdan parlament nümayəndə heyətinin qurumun 27-ci plenar iclasında iştirakında qeyri-adi heç nə yoxdur. Belə ki, bu bir beynəlxalq normadır. Həyatlarını təhlükə altında qoyaraq adı çəkilən iclasda iştirak edən deputatlara - Asəf Hacıyevə və Musa Quliyevə şər atmaq isə heç bir qələm sahibinə şərəf gətirməz.
Öz siyasi havadarlarının diqtəsi ilə bu cür uydurma yazıları dərc edən yazarların əməlləri bulanıq suda balıq tutmaq sövdasına oxşayır. Ancaq onlar unudurlar ki, Azərbaycan ictimaiyyəti kimin kim olduğunu yaxşı bilir. Söz və mətbuat azadlığı heç də dövlət strukturlarına qara yaxmaq, ölkənin ali vəzifəli şəxslərinə, Milli Məclisin deputatlarına böhtan atmaq azadlığı deyildir. Bu azadlıq həm də böyük məsuliyyət deməkdir.