Muxtar respublikada sağlamlıq imkanları məhdud gənclər daim diqqət mərkəzində saxlanılır
Naxçıvan, 3 fevral, AZƏRTAC
Bu gün fiziki imkanları məhdud olan gənclər də həyatın müxtəlif sahələrində ciddi uğurlar əldə edirlər. Çünki dövlət tərəfindən belə istedada malik gənclər hərtərəfli qayğı ilə əhatə olunur, onların yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə sağlamlıq imkanları məhdud gənclər üçün keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib.
Muxtar respublikada sağlamlıq imkanları məhdud gənclərə yaradılan şəraitdən ətraflı bəhs edən nazir qeyd edib ki, son dövrlərdə sosial könüllülərin iştirakı ilə müvafiq kateqoriyadan olan gənclər tərəfindən hazırlanmış əl işlərinin sərgi-satışlarının təşkil olunması, onların iştirakı ilə sosial videoçarxların hazırlanması bu baxımdan uğurlu tədbirlər sırasındadır.
Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev muxtar respublikada gənclərin iştirakı ilə həyata keçirilən layihələrdən danışıb. Vurğulayıb ki, gənclərlə iş sahəsində görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən gənclər milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlayıb, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşıblar.
Gənclər adından çıxış edən Nail Hacıyev, sosial könüllü Gülcan Əlizadə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda fərqlənən sağlamlıq imkanları məhdud gənclərə hədiyyələr təqdim olunub.