Muxtar respublikanın fəal gəncləri “Qış məktəbi”ndə
Naxçıvan, 10 fevral, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində fəal gənclərin iştirakı ilə növbəti “Qış məktəbi” təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilk gün istirahət mərkəzi ilə yaxından tanış olub, stolüstü idman oyunlarında iştirak ediblər. Günün ikinci yarısında “Vətəni tanı” intellektual oyununun ilk mərhələsi keçirilib. Günün sonunda gənclər üçün film nümayiş etdirilib.
İkinci gün “Qış məktəbi”ndə gənclər “Axtar tap” və “Xəmsə” intellektual yarışlarında, eləcə də stolüstü oyunlarda qüvvələrini sınayıblar. Həmçinin “Gənclərdə büdcə savadlılığı” mövzusunda seminarda və “Özgüvənin həyatımızda rolu” mövzusunda fərdi inkişaf təlimində iştirak ediblər. Məktəb iştirakçıları arasında fotomüsabiqə də təşkil olunub.
Qeyd edək ki, “Qış məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.