NANOTEXNOLOGİYANIN YENİ UĞURU: HƏDƏFDƏ XƏRÇƏNG XƏSTƏLİYİDİR
pSivida şirkətinin yenicə yaratdığı BrachySil adlı preparatı xərçəng əleyhinə dərmanı bilavasitə hədəfə - bədxassəli şişlə zədələnmiş hüceyrələrə çatdırmaq qabiliyyətinə malikdir.
Xərçənglə mübarizədə başlıca problemlərdən biri sağlam hüceyrələrə toxunmadan xəstə hüceyrələrin məhv edilməsidir. Radio və kimyəvi terapiya çox vaxt əlavə təsirləri ilə insan orqanizminə böyük ziyan vurur.
Təbabətdə biosilikon kimi tanınan material əsasında işlənib hazırlanmış yeni sistem hazırda Sinqapur xəstəxanasında xərçəng xəstəliyindən müalicə olunan iki xəstə üzərində sınaqdan keçirilir. Yaxın vaxtlarda onlara daha 10 xəstə qoşulacaqdır.
Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan proteinlər və radionuklidlər məsaməli struktura malik biosilikonun tərkibinə çox asanlıqla qatılır. Hədəfə yetişən biosilikon parçalanaraq silikon turşusuna çevrilir, tərkibindəki dərmanlar isə öz təsirini göstərməyə başlayır. İstehsalı ucuz başa gələn bu dərmanın insan orqanizminə heç bir ziyanı yoxdur.
Sinqapurdakı sınaqlar uğurla başa çatsa, BrachySil preparatı 2006-cı ildə satışa buraxılacaqdır.