İQTİSADİYYAT
“Nar Mobile” TQDK ilə əməkdaşliğa başlamışdır
Bakı, 21 aprel (AZƏRTAC) Abituriyentlərin dövlət imtahanı ərəfəsində “Azərfon” MMC (“Nar Mobile”) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əməkdaşlığa başlamışlar. “Nar Mobile” abunəçiləri SMS vasitəsilə TQDK-ın xidmətlərindən faydalana biləcəklər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, xidmətlərə sınaq və qəbul imtahanlarının nəticələrinin, bu imtahanlarda iştirak etmək üçün tələb olunan virtual ödəmə kartlarının SMS vasitəsilə əldə olunması aiddir. Abituriyentlər sınaq və ya qəbul imtahanlarında topladıqları bal barədə məlumatı əldə etmək üçün 6-rəqəmli iş nömrəsini 7727 qısa nömrəsinə göndərməlidirlər. Bundan başqa, elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7725 qısa nömrəsinə boş SMS (2 manat ) göndərməli və sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7735 qısa nömrəsinə boş SMS (3 manat) göndərməlidirlər.
Qeyd edək ki, göndərilən SMS-lərin qiymətlərinə əlavə olaraq əlavə dəyər vergisi (18 faiz) tətbiq edilir.