NARIN AYIP: AZƏRBAYCAN MÖHTƏŞƏM TİKİNTİ MEYDANINI XATIRLADIR
Müsahibimiz Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı İcraiyyə Komitəsinin AZƏRTAC-ın təşəbbüsü ilə Bakıda keçirilmiş 30-cu iclasının iştirakçısı, Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin direktoru Narın Ayıp ixtisasca fizikdir. Uzun müddət Moskada Rusiya Elmlər Akademiyasının institutlarından birində işləmiş Narın Ayıp həm də fitri istedadlı jurnalistdir, KİV-də xüsusi müxbirdən başlamış Qırğızıstan Respublikası Milli İnformasiya Agentliyinin rəhbəri vəzifəsinə qədər mürəkkəb bir yol keçmişdir.
Narın Ayıp başa çatmış görüş barədə, qısa müddətə də olsa, əvvəl də gəldiyi Azərbaycan paytaxtı haqqında, Bakı sakinləri barədə təəssüratlarını həvəslə bölüşdü.
-Hörmətli həmkar, ilk növbədə, OANA İcraiyyə Komitəsinin yenicə keçirilmiş iclası barədə Sizin fikrinizi eşitmək istərdik.
-Mən ilk növbədə, bu tədbirin texniki təchizatından başlamış, hər baxımdan ən yüksək səviyyədə keçirilməsini, onun çox gözəl təşkil olunmasını vurğulamağı özümə borc bilirəm. Müzakirə mövzusunun çox yaxşı seçilməsini və AZƏRTAC-ın baş direktoru, bu yubiley iclasının Bakıda keçirilməsi təklifi ilə çıxış etmiş və bununla əlaqədar bütün qayğıları öz üzərinə götürmüş Aslan Aslanovun şəxsində qonaqpərvər ev sahiblərinin bizə - tədbir iştirakçılarına göstərdiyi səmimiyyəti hələ demirəm. Azərbaycan agentliyinin bütün kollektivinə, bu qonaqpərvər diyara səfərimizi maraqlı və unudulmaz etmiş insanların hamısına “Çox sağ olun!” deyirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş səmimi görüşü xüsusi vurğulamaq istərdim. Deməliyəm ki, Azərbaycan dövlətinin başçısı kütləvi informasiya vasitələrinin inkişafına çox böyük əhəmiyyət verir. Biz onun öz işini yaxşı bilən bir insan olduğunu yəqin etdik. Onu da qeyd etməliyəm ki, görüş sizin Prezidentin əla bildiyi ingilis dilində keçirdi.
Sizin agentliyə gəldikdə isə, o, mənim çox xoşuma gəldi. Agentlik şəhərin mərkəzində gözəl bir binada yerləşir. Avropa üslubunda zövqlə tərtib edilmiş möhtəşəm portal nəyə desəniz dəyər! Mənə belə gəlir ki, jurnalistlərin, texnoloqların, rabitəçilərin iş yerlərinin yaxşı təchiz olunması onların yaradıcılıq potensialının üzə çıxarılmasına çox kömək edir.
Bir məqam mənim diqqətimi cəlb etdi ki, sizin agentlikdə işləyənlərin çoxu gənclərdir. Bu isə gələcək üçün yaxşı zəmin deməkdir.
-Paytaxtımız xoşunuza gəldimi?
-Mən Bakının müxtəlif guşələrində oldum. Bakının ən müsbət mənada tikilməkdə olan şəhər olması diqqəti cəlb edir. Özü də söhbət adi tikintilərdən getmir. Bu, möhtəşəm tikintidir. Bütün ölkəniz yenidən qurulur! Sizdə hətta bəzi küçələrə də daş döşənmişdir. Bu isə çox şeydən xəbər verir.
Mən Heydər Əliyev Fondunda da oldum. Xalqınızın ümummilli liderinin həyatından bəhs edən ekspozisiya mənə çox güclü təsir bağışladı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bu Fondun böyük xeyriyyə işləri gördüyünü bilmək çox xoş idi. Bu, çox gözəldir!
Təbii ki, mən Azərbaycan paytaxtının ürəyi sayılan, qədim dövrün izlərini daşlar üzərində qoruyub saxlamış İçərişəhəri də gəzdim.
-Sizcə, bu cür forumlarda iştirak etməyin bizə - informasiya agentliklərinin əməkdaşlarına nə xeyri var?
-Mənim fikrimcə, bizim görüşlərin əsas məqsədi işgüzar təmasları, konkret əlaqələri, şəxsi tanışlıqları tənzimləməkdən ibarətdir. Bunlar informasiyanın yayılması üzrə təcrübə mübadiləsi üçün zəruri şərtlərdir. Bütün bunlar olduqda e-mail vasitəsilə də əlaqə saxlamaq mümkündür. OANA təşkilatının bütün fəaliyyəti buna yönəlmişdir. O, bizi öz işimizin başlıca prinsiplərinə - informasiyanın düzgün, dəqiq, qərəzsiz və operativliyinə nail olmağa istiqamətləndirir.
Yeri gəlmişkən, Qırğızıstanın bu birlikdə iştirak etməsi onun ünsiyyətin yeni, daha yüksək səviyyəsinə çıxmasına imkan verir... Obrazlı şəkildə desək, ümumi qazanda qaynayanda, bütün hadisələrdən xəbərdar olursan...
Söhbəti apardılar:
Elmira Əliyeva,
Tamilla Nuriyeva
######
