NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, yeddi ayda respublikamızın ərazisində narkotiklərlə bağlı 1844 cinayət faktı qeydə alınmışdır. Onlardan 723-ü satışla əlaqədardır.
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 1159 kiloqram 73 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 138 kiloqram 137 qram marixuana, 799 kiloqram 370 qram həşiş, 122 kiloqram 590 qram tiryək, 99 kiloqram 57 qram heroin, 490 həb, 90 ampula diazepam, 1000 ədəd ekstazi dövriyyədən çıxarılmış, 149 tondan artıq narkotik xassəli bitkilər məhv edilmişdir.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, qaçaqmalçılıqla daşınmasına ilə mübarizəyə, onların daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər.