NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2002-ci ilin dörd ayı ərzində respublikanın ərazisində narkotiklərlə bağlı 785 cinayət faktı qeydə alınmışdır.
Həmin müddətdə ayrı-ayrı şəxslərdən 26 kiloqram 60,35 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 1 kiloqram 134 qram heroin, 2 kiloqram 950 qram tiryək, 3 kiloqram 453 qram həşiş, 18 kiloqram 519 qram marixuana, 4,35 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq mühafizə orqanları əsas diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, daxilolma mənbələri və kanallarının aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticələrini verir. Ötən dörd ayda satışla bağlı 265 cinayət faktı qeydə alınmışdır və bu, keçən ilin müvafiq dövründəkindən 11 faiz çoxdur.
Təhlil dövründə bu növ cinayət törətdiklərinə görə 11 nəfər xarici vətəndaş yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 528 qram müxtəlif narkotik vasitələr götürülmüşdür. Yaxalanmış əcnəbilərin 5-i İran, 3-ü Gürcüstan, 2-si Rusiya və 1 nəfəri Əlcəzair vətəndaşıdır.