NARKOTİK QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLAN QRUP MÜƏYYƏNLƏŞDİRİLMİŞ VƏ ONUN BİR NEÇƏ ÜZVÜ ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Belə ki, cari il martın 28-də qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilən narkotik vasitənin daşınması ilə məşğul olan Cəlilabad rayonunun Edişə kəndinin sakinləri – 1985-ci il təvəllüdlü Ağayev Ruslan Nurulla oğlu, 1988-ci il təvəllüdlü Quliyev Vadim Fail oğlu, 1988-ci il təvəllüdlü Quliyev Saleh Xudam oğlu və Salyan şəhərinin sakini, 1977-ci il təvəllüdlü Abdullayev Elçin Siyasət oğlu saxlanılmış, onlardan xüsusi qablaşdırılmış və üzərində istehsal möhürü olan külli miqdarda narkotik vasitə - ümumi xalis çəkisi 21 kiloqram 694 qram həşiş aşkarlanaraq götürülmüşdür.
Məlum olmuşdur ki, əvvəlcədən razılığa gələrək 2006-cı il martın 28-də saat 05:00 radələrində Vadim Quliyev, Saleh Quliyev və Ruslan Ağayev İran İslam Respublikasının vətəndaşları Məmməd, Əliqulu və İslam adlı şəxslərdən qaçaqmalçılıq yolu ilə İran-Azərbaycan dövlət sərhədinin Cəlilabad rayonu Cəfərli kəndinin yaxınlığında keçirilmiş həmin həşişi qəbul edib, daha sonra onu xəlvəti yolla Cəlilabad rayonunun Alar kəndi yaxınlığına gətirmişlər. Elçin Abdullayev isə idarə etdiyi “VAZ 2106” markalı avtomaşını ilə əvvəlcədən razılaşdırıldığı kimi, burada Vadim Quliyevi, Saleh Quliyevi və Ruslan Ağayevi gözləmişdir. Onlar gətirdikləri həşişlə birlikdə avtomaşına minib Salyan şəhəri istiqamətində yola düşmüşlər.
Qrupun zərərsizləşdirilməsi üzrə keçirilən tədbirlər zamanı onun üzvləri hadisə yerindən qaçıb, Salyan rayonu Şorsulu kəndinin yaxınlığında gizlənməyə cəhd göstərmişlər. Görülmüş səriştəli və qətiyyətli tədbirlər nəticəsində qrupun üzvləri yaxalanmış və onlardan 22 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülmüşdür. Saleh Quliyev gizlənməyə çalışdığı zaman onu hadisə yerindən uzaqlaşdırmaq üçün Bakıdan Salyana gələn əmisi oğlu, 1986-cı il təvəllüdlü Quliyev Elvin Allahverdi oğlu da yaxalanmışdır.
Həmin gün həşişin bir hissəsinin veriləcəyi Salyan şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyev Arif Yadulla oğlunun evində keçirilmiş baxış zamanı narkotik vasitə olan 200 qram həşiş və üzərində narkotik vasitələrin izi olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.
İşin bütün hallarının araşdırılması, cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.