Narkotik vasitələrdən istifadə etməyin risk amilləri mövzusunda təlim keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
“Narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkomanlığa qarşı mübarizə” üsulları mövzusunda təlim-məşğələ keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Təlim Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə keçirilib.
Çıxışçılar narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.