Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər saxlanılıb
Bakı, 13 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər - Xırdalan şəhər sakinləri T.Hüseynov, əvvəllər məhkum olunmuş M.Babayev və N.Mazanov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar. T.Hüseynovdan 480 qram, M.Babayevdən 465 qram, N.Mazanovdan isə 475 qram marixuana aşkar edilərək götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ç.Quliyev isə Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sumqayıt dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 450 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.