NATO DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN ARADAN QALDIRILMASI ÜÇÜN YENİ YOLLARAXTARIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik S.Əbiyev qonağı Azərbaycanda NATO-nun “Yay məktəbi” həftəsinin başlanması və 26 dövlətin nümayəndələrindən ibarət mötəbər bir heyətə başçılıq etməsi münasibətilə təbrik etmişdir.
Nazir müstəqillik əldə etdikdən sonra ölkəmizin qazandığı uğurlar, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəb və nəticələri barədə qonağa ətraflı məlumat verərək demişdir ki, respublikamız belə ağır çətinliklərə baxmayaraq, Avropanın təhlükəsizlik qurumlarına inteqrasiyanı, Avropa Şurası, Avropa Birliyi və NATO ilə “Sülh naminə tərəfdaşlıq“ Proqramı çərçivəsində əməkdaşlığı uğurla davam etdirir. Nazir Azərbaycanın hər il NATO-nun xətti ilə keçirilən 300-dən artıq tədbirdə iştirak etdiyini, “Kooperativ Best Effort-04” təlimlərinə və İstanbul zirvə görüşünə fəal hazırlaşdığını xüsusi vurğulamışdır.
Nümayəndə heyətinin başçısı J.Furne səmimi qəbul üçün müdafiə nazirinə təşəkkür edərək demişdir ki, Bakıda “Yay məktəbi” həftəsinin keçirilməsi, şübhəsiz, Azərbaycan ilə NATO münasibətlərinin hərtərəfli inkişafına müsbət təsir göstərəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı NATO-nun baş katibi və digər ölkələrin səfirləri ilə görüşləri çox maraqlı və əhəmiyyətli idi. Azərbaycan NATO-ya “Fərdi tərəfdaşlığın fəaliyyət Planı”nı təqdim edən ilk dövlətlərdəndir.
Qonaq NATO-da başçılıq etdiyi sahə ilə bağlı general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın NATO ilə münasibətləri üzərində müfəssəl dayanmış, Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, respublikamızda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr və onların təhlükəsizliyi haqqında qonaqla ətraflı fikir mübadiləsi apararaq demişdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi dörd qətnamənin tələblərini bu vaxta qədər yerinə yetirməmişdir. Bundan əlavə, Ermənistan NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşularkən, tərəfdaş dövlətlərin ərazi bütövlüyünü tanımaq haqqında öhdəlik götürmüşdür. NATO ondan bu öhdəlikləri yerinə yetirməyi tələb edə bilər.
Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan təfərindən işğal edilməsi faktı təkzibedilməzdir. Ona görə də beynəlxalq ictimaiyyətin Ermənistanı indiyədək təcavüzkar dövlət adlandırmaması bizi təəccübləndirir. Bu, münaqişənin həllinə ikili standartlarla yanaşıldığını göstərir.
Cənab J.Furne general-polkovnik S.Əbiyevə prinsipial mövqeyinə görə təşəkkür edərək demişdir ki, NATO sizin dediklərinizi yaxşı bilir və münaqişənin aradan qaldırılması üçün yeni yollar axtarır.
General-polkovnik S.Əbiyev görüşün sonunda NATO-nun Azərbaycanda keçirəcəyi “Yay məktəbi” həftəsinə uğurlar arzulamışdır.