NATO RUSİYADAN İMZALADIĞI SAZİŞLƏRİ XATIRLAMAĞI XAHİŞ EDİR
AZƏRTAC-ın xəbər verdiyi kimi, iyunun 7-də Lavrov bəyan etmişdir ki, Ukrayna və Gürcüstanın NATO-ya qoşulması çox böyük coğrafi-siyasi dəyişikliyə səbəb olacaqdır. O, Dövlət Dumasında çıxışında xəbərdarlıq etmişdir: “Biz belə addımın (Ukraynanın NATO-ya qoşulmasının) bütün mümkün nəticələrini təhlükəsizliyimizin mənafeləri, iqtisadi mənafelər və Rusiyaya üstünlük verilən tərəfdaş kimi baxan ölkələrlə qarşılıqlı münasibətlərin mənafeləri baxımından nəzərdən keçirəcəyik”.
Leluş bu bəyanatı Bi-Bi-Si-nin Ukrayna xidmətinə müsahibəsində şərh edərək demişdir: “Mən bu bəyanatın mahiyyətinə təəccüblənmədim. Lakin bir ziddiyyəti nəzərə çarpdırıram – Rusiya ilə NATO arasında 1997-ci ilin mayında imzalanmış saziş hər bir Avropa ölkəsinin özünə müttəfiqlər və daxil olmaq istədiyi təşkilatları seçmək, habelə bu seçimi tam suveren etmək hüququnu tanıyır”.
Assambleya başçısı məsələyə aydınlıq gətirmişdir: “NATO-nun Şərqə doğru genişlənməsinin Rusiyanın xoşuna gəlməməsi nə Qərb üçün, nə də ABŞ üçün yenilik deyildir. Lakin başa düşmürəm, Rusiya soyuq müharibə üsullarına qayıtmadan, Ukraynanın NATO-ya qoşulmasına necə mane ola bilər”. O vurğulamışdır ki, Ukrayna və Gürcüstanın NATO-ya qoşulması deyil, keçmiş imperiyanı Sovet İttifaqının sərhədləri daxilində bərpa etmək əsl coğrafi-siyasi dəyişiklik olardı.