NATO və AFR Ukraynaya “Leopard 2” tanklarının verilməsi məsələsini müzakirə ediblər
Berlin, 24 yanvar, AZƏRTAC
Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusla bugünkü dialoqundan danışıb.
AZƏRTAC xəbər verir ki, alman nazirlə müzakirəni səmərəli adlandıran Stoltenberq Ukraynaya tankların verilməsi barədə danışdıqlarını bildirib. NATO ümidvardır ki, tankların tədarükü məsələsi tez bir zamanda həll olunacaq. Pistorius, öz növbəsində, ölkəsinin Ukraynanı dəstəklədiyini bir daha təsdiqləyib. O deyib: “Almaniya ABŞ-dan savayı praktik olaraq hər bir müttəfiqdən daha çox iş görür”. Nazir ölkəsinin “NATO-nun digər üzv dövlətlərindən kənarda qalması, buna səbəb Ukraynaya döyüş tanklarının göndərilməsinə mane olması” fikri ilə razılaşmayıb.
Almaniyanın bu tanklar barədə nə vaxt qərar qəbul edəcəyini planlaşdırması barədə suala cavabında Pistorius bu məsələnin ondan asılı olmadığını bildirib. O, ölkəsinin federal kanslerinin tənqidçilərini növbəti ittihamlardan çəkindirərək deyib: “Lider olmaq kor-koranə irəli getmək demək deyil. Əgər qərarın qəbulu daha bir-iki gün çəkirsə, qoy elə olsun”.
Xatırladaq ki, Varşava Ukraynaya alman istehsalı olan “Leopard 2” tanklarını vermək istəyib, lakin Berlin bu yaxınlarda Ramşteyndə keçirilən iclasda razılıq verməyə tələsməyib. Boris Pistorius onu da deyib ki, bu zirehli texnikanın tədarükü barədə qərarın yaxın vaxtlarda qəbul ediləcəyini gözləyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin