Naxçıvan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşdiriləcək
Tbilisi, 2 yanvar, AZƏRTAC
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin tikintisi başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının bu xəttə birləşdirilməsi layihəsinin icrasına başlanılacaq.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev məlumat verib.
Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun Azərbaycan və Gürcüstan ərazilərindəki hissələri artıq istifadəyə hazırdır. Bu ilin sonunadək yolun Türkiyə hissəsinin də tikintisi başa çatdırılacaq. Daha sonra Naxçıvan Muxtar Respublikasının dəmir yollarının BTQ-yə qoşulması nəzərdə tutulur. Bu layihə Naxçıvanın iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi