Naxçıvan Dövlət Universitetində “Biocoğrafiya” kitabının təqdimatı olub
Naxçıvan, 9 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi kitabxanasında universitetin rektoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmovun və biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Sadiqovun birgə ərsəyə gətirdikləri “Biocoğrafiya” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev kitabı coğrafiya və ekologiya ixtisaslarında tədris edilən biocoğrafiya elmi ilə bağlı fundamental tədris vəsaiti kimi dəyərləndirib. Vurğulayıb ki, dərslik Boloniya təhsil sistemi əsasında tərtib edilib.
Zoologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov qeyd edib ki, kitab giriş, 13 fəsil və ədəbiyyat siyahısından ibarətdir. Daha çox xarici elmi mənbələrdən istifadə olunan dərslik biologiya və coğrafiya sahələrində əldə edilmiş son nailiyyətlərə əsasən tərtib edilib. Nəşrdə biocoğrafiyanın inkişaf tarixi, biosferin xüsusiyyətləri, maddələr dövranı, bitki və heyvanat aləminin bioloji-ekoloji xüsusiyyətləri, biosenoz, biogeosenoz və ekosistem, müxtəlif zonaların biomları, biocoğrafiya və bioloji müxtəlifliyin qorunma problemləri və digər məsələlər geniş izah olunub.
Biocoğrafiya fənni və onun inkişaf tarixi barədə danışan ali təhsil ocağının Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənov vurğulayıb ki, universitetin coğrafiya və ekologiya ixtisası tələbələri üçün nəzərdə tutulan kitabdan müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, həmçinin bu sahədə elmi iş aparan tədqiqatçılar və müəllimlər də faydalana bilərlər.
Tədbirdə kitab haqqında müzakirələr dinlənilib.