Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) tələbə və müəllimlərin Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılmışdır.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC- bildirmişlər ki, sərgidə dəhşətli soyqırımı gənc rəssamların təsəvvürlərində yenidən canlandırılaraq ictimaiyyətə rənglərin dili ilə çatdırılmışdır. Sərgidə rəssamların soyqırımı hadisələrinə münasibətlərini əks etdirən işləri təqdim edilmişdir. Sərgini giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açmış, Xocalı soyqırımı zamanı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən ağlasığmaz vəhşiliklərdən danışmışdır. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etmişdir. Mühasirəyə alınan şəhərdə qalmış xocalılar Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etmişdir. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinlərindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Azərbaycanın Xalq Rəssamı, təsviri incəsənət kafedrasının müdiri, dosent Hüseynqulu Əliyev, Azərbaycanın Xalq Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva sərgi haqqında məlumat verərək qeyd etmişlər ki, Xocalı faciəsi zamanı cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində şəhid və şikəst olmuş, erməni zülmünə məruz qalmış insanlar bu sərgidə, gənc tələbə və müəllimlərin gözü ilə nümayiş olunur.
Sərgidə “İşğalçı” əsəri nümayiş etdirilən II kurs tələbəsi Zeynəb Məmmədova tədbirin təşkilində göstərdiyi köməyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sərgi NDU-nun konservatoriya binasının foyesində bir neçə gün davam edəcəkdir.