SİYASƏT
“Naxçıvan” jurnalının növbəti nömrəsi muxtar respublikanın 90 illiyinə həsr olunub
AZƏRTAC xəbər verir ki, jurnalın son nömrəsində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən imzalanan sərəncamlar və Tədbirlər Planı oxuculara təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun həmin mötəbər tədbirdəki çıxışının mətni də jurnalda dərc edilib.
Jurnalın 28-ci nömrəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyət statusu naxçıvanlıların inadlı mübarizəsi nəticəsində əldə edilmişdir”, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin “Muxtariyyət ərəfəsində Naxçıvanın erməni təcavüzündən qorunmasında əhali amili”, Vəli Baxşəliyevin “Naxçıvan Milli Komitəsinin müstəqillik uğrunda mübarizəsi”, Qadir Qədirzadənin “Muxtariyyət ərəfəsində Naxçıvan və çevrəsində erməni zülmü (Osmanlı arxiv mənbələri əsasında)”, türkiyəli tarixçi, tarix elmləri doktoru İbrahim Ethem Atnurun “İmperialist güclərin Ermənistan naminə Naxçıvana yiyələnmək cəhdləri (1919-1920)”, rusiyalı tədqiqatçı, tarix elmləri namizədi Oleq Kuznetsovun “1921-ci il Moskva və Qars müqavilələrinə görə Naxçıvanın beynəlxalq hüquqi statusu (müqayisəli-hüquqi təhlil)” məqalələri də Naxçıvan tarixinin fundamental tədqiqi baxımından xüsusi maraq doğurur.
Təqdim edilən elmi məqalələrdə Azərbaycan, türk, rus, ingilis, fransız dillərində olmaqla, çoxsaylı arxiv sənədlərinə, elmi ədəbiyyat nümunələrinə, dövri mətbuat səhifələrindən götürülmüş faktlara istinad edilib. Jurnalda, həmçinin müxtəlif fotoşəkillər və tarixi sənədlərin fotosurətləri də oxuculara təqdim olunub.