Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron saytı yenilənib
Naxçıvan, 17 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin nazirlerkabineti.nmr.az yenilənmiş saytı istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Onun strukturu təkmilləşdirilib, yeni bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib.
Müasir dizaynda yaradılan 7 bölmə və 4 altbölmədən ibarət olan saytda muxtar respublikanın rəsmi xəbərlərini, Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı məlumatları əldə etmək olar. “Əsas səhifə”də muxtar respublikada baş verən ictimai, siyasi xəbərlər və Nazirlər Kabinetinin fəaliyyət istiqamətinə uyğun olaraq məlumatlar yerləşdirilib. İstifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Axtar” guşəsi yaradılıb. Bundan başqa, aktuallıq və istifadəçi tələbatı nəzərə alınaraq səhifədə “Heydər Əliyev Fondu”, “Azərbaycan Respublikasının Prezidenti”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi”, “Azərbaycan Respublikası Nazirlər Kabineti” və “Naxçıvan Muxtar Respublikası” saytlarına keçid linkləri də qoyulub.
Dörd altbölmədən ibarət olan saytın “Sənədlər” bölməsində Nazirlər Kabineti tərəfindən 2008-2020-ci illərdə qəbul olunmuş qərar və sərəncamlar öz əksini tapıb. “Nazirlər Kabineti” bölməsində Rəhbərlik, Səlahiyyətləri, İş qaydası, Nazirlər Kabinetinin aparatı haqqında əsasnamə, Nazirlər Kabineti aparatının strukturu və statusu yerləşdirilib. “Mətbuat xidməti” bölməsində rəsmi tədbirlər, məlumatlar, fotoqalereya, videoqalereya yarımbölmələri ilə tanış olmaq olar. Burada fotoqalereya və videoqalereya yarımbölmələrində Naxçıvan şəhərinin və muxtar respublikanın bölgələri haqqında foto və videoçarxlar yerləşdirilib.
Yenilənmiş internet saytı Nazirlər Kabinetinin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin dolğun və operativ şəkildə işıqlandırılmasına şərait yaradacaq, ictimaiyyətə çatdırılmasını təmin edəcək.