Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin fəaliyyəti müzakirə olunub
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri üzrə 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri müzakirə edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafına göstərilən hərtərəfli diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, infrastruktur yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Hazırda 8 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
“Uğurlu təhsil siyasətinin nəticəsidir ki, ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 109 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 4,6 faiz artaraq 114-ə çatıb. Yüksək nəticə göstərən məktəblərin 83-ü kənd, 31-i isə şəhər məktəblərinin payına düşür. Bununla yanaşı, 33 ümumtəhsil məktəbinin məzunlarının hamısı tələbə adını qazanıb”, - deyən təhsil naziri diqqətə çatdırıb ki, ümumilikdə, ali məktəblərə qəbul olanların 1117-si, yəni 75 faizi muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa üstünlük veriblər. Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəbləri üzrə 2020-2021-ci tədris ili üzrə məzun sayı 604 olub. Məzunlardan 532-si ali təhsil müəssisəsinə, 37-si orta ixtisas təhsili müəssisəsinə olmaqla, ümumilikdə, 569-u ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Bu da ümumi məzun sayının 94,2 faizini təşkil edir. İmtahanda iştirak edənlərdən 358-i ali təhsil, 6-sı ali hərbi və xüsusi təyinatlı məktəbə, 52-si orta ixtisas təhsili müəssisəsinə olmaqla, ümumilikdə, 416 nəfəri və ya 73,1 faizi ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olub. Bu da muxtar respublika orta göstəricisindən yüksəkdir. Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 57 nəfər məzun 500-700 bal intervalında nəticə göstərib. Bunlardan 9-u “Qızıl”, 2-i “Gümüş” nişana, 11-i fərqlənmə attestatına layiq görülüb.
Vurğulanıb ki, yaradılan şəraitin nəticəsində muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.
İclasda Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi 17 ümumtəhsil məktəbinin fəaliyyəti müzakirə olunub, 2021-2022-ci tədris ilində qarşıya qoyulan vəzifələr təhlil edilib.
Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri arasında fərqlənən məktəblərə diplomlar təqdim edilib.