Naxçıvan xalçaları - ənənəvi naxışlar, özünəməxsus şux rəng çaları
Naxçıvan, 5 aprel, AZƏRTAC
Ölkəmizin bir sıra bölgələri kimi, Naxçıvanda da vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların aşkarlanması Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.
Naxçıvan xalçaları XIV əsrdə daha da məşhurlaşıb. XVI-XVII əsrlərdə isə ticarət və memarlıq ilə yanaşı, xalçaçılıq regionda əsas gəlir mənbəyi kimi inkişaf edib. Orta əsrlərin sonlarında özünəməxsus toxuculuq üsullarının tətbiq olunduğu şəhərlər mövcud idi. Lakin yüksəkkeyfiyyətli xalça yunu və ipək saplarının istehsalında Naxçıvan diqqət mərkəzində olub və bu amil bir çox elementlərin mürəkkəb bədii kompozisiyalarının yaranmasına şərait yaradıb.
Xalça sənətimizi öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də dəyərini saxlamaqdadır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqətləri cəlb edir.
Milli dəyərlərimizə ehtiram və məhəbbətin yüksək səviyyədə olduğu Naxçıvanda bu gün gənc nəslin xalçaçılıq sənətinə olan marağının artırılması üçün də müxtəlif tədbirlər görülür. Çünki gənclərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini yaşadıb gələcək nəsillərə ötürə biləcək yeganə qüvvədir. Xalça sənətinin bitib-tükənməyən zənginliyi isə sənətlə maraqlanan hər bir gəncimizi bu zənginliyi öyrənməyə, onu daha da rəngarəng etməyə sövq edir.