Naxçıvanda "Ekoloji təhsil" layihəsinə start verilib
Naxçıvan, 18 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin STEAM Təlim-Tədris Mərkəzində 2024-2025-ci illər üçün “Ekoloji təhsil" layihəsinin təqdimatı olub.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin açılış tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Heydər Əliyev və Azərbaycanın ekologiyası” adlı videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev və təhsil naziri Elxan Nəcəfov "ekoloji təhsil" layihəsinin əhəmiyyətindən danışıb, bunu ölkəmizdə keçiriləcək COP29 tədbirinə töhfə kimi qiymətləndiriblər.
Bildirilib ki, bu layihə şagirdlərin ekoloji biliklərinin formalaşmasında, onların təbiətə qayğısının artırılmasında mühüm rol oynayacaq. Layihənin əsas məqsədi məktəblilərdə ekoloji mədəniyyəti və düşüncə tərzini formalaşdırmaq, təbiəti qorumağın, öyrənməyin, zənginləşdirməyin vacib məsələ olduğunu onlara çatdırmaqdır.