REGİONLAR
Naxçıvanda Gənclər Günü qeyd olunub
Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və digər müvafiq təşkilatlarla birgə yanvarın 29-da start verdiyi “Gənclər həftəsi” Naxçıvan şəhərində keçirilən mükafatlandırma mərasimi ilə başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər Mərkəzində təşkil olunan tədbirdə rəsmilər, müxtəlif təşkilatlarda və sahələrdə fəaliyyət göstərən gənclər, könüllülər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Azərbaycanda gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin gənc nəslə olan hərtərəfli qayğısından, bu sahədə qazanılan böyük uğurlardan, xüsusən də, ərazi bütövlüyümüzün bərpasında gənclərin rolundan bəhs edib, əlamətdar gün münasibətilə gəncləri təbrik edərək, onlara uğurlar arzulayıblar.
Məcid Seyidov əlavə edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində gənclərin hərtərəfli inkişafı istiqamətində önəmli addımların atılması nəzərdə tutulur.
Vətən müharibəsi qazisi Təvəkkül Qəhrəmanlı və fəal gənc Əli Ələkbərli gənclərimizi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra nazirliyin dəstəyi ilə Naxçıvan Televiziyası tərəfindən hazırlanmış Gənclər Gününə aid videoçarx nümayiş etdirilib. Müxtəlif sahələrdə fərqlənən istedadlı yeniyetmə və gənclər, eləcə də gənclərlə iş sahəsində səmərəli fəaliyyəti olanlar təşkilatçılar tərəfindən diplomla təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.