Naxçıvanda hava və ekstremal idman növlərinə maraq artır
Naxçıvan, 2 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ötən il müxtəlif idman növləri üzrə yarışlar təşkil olunub. Həmin yarışlarda, ümumilikdə, 161 idmançı, 12 məşqçi və 10 hakim iştirak edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında keçirilən hesabat yığıncağında çıxış edən federasiyanın sədri Mayis Əliyev çıxışında bu barədə danışıb. Bildirib ki, hazırda federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. Hesabat ilində Sədərək rayonunda və Naxçıvan şəhərində velosiped yarışları keçirilib. İdmançı gənclərin intellektual səviyyəsinin artırılması məqsədilə idmançılar muxtar respublika ərazisində fəaliyyət göstərən muzeylərdə olub, sərgilərdə iştirak ediblər. Federasiyanın internet saytında keçirilən tədbirlər haqqında məlumatlar və fotomateriallar yerləşdirilib. Eyni zamanda, federasiyanın infrastrukturuna daxil olan dırmanma divarında əsaslı təmir işləri aparılıb, bəzi yeniliklərin də qurulması davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında bildirib ki, idman və idmançılara göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Bu gün diyarımızda gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası muxtar respublikamızda 76 idmançı 19 qrupda bu idman növü ilə məşğuldur. Gənclər və İdman Nazirliyi muxtar respublikada 2013-cü ildə yaradılan federasiya ilə birgə idmanın bu növlərini inkişaf etdirmək və kütləviliyinin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Sonra federasiyanın sədr müavini Azər Məmmədovun 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb.
Sonda federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.