Naxçıvanda ilk dəfə keçirilən tibb işçilərinin işə qəbulu üzrə müsabiqəyə yekun vurulub
Naxçıvan, 31 may, AZƏRTAC
Muxtar respublikada ilk dəfə keçirilən tibb işçilərinin işə qəbulu üzrə müsabiqəyə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 26-30 aprel tarixlərində keçirilən imtahanın test mərhələsində 106 namizəd iştirak edib, onlardan 76 nəfəri keçid balını toplayıb və ikinci mərhələdə - klinik tapşırıq mərhələsində iştirak etmək hüququ qazanıb.
Mayın 24-26-da keçirilən müsabiqənin ikinci mərhələsində namizədlərə klinik tapşırıqlar təqdim olunub. Klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla, yazılı şəkildə keçirilib. Bu mərhələdə cavabların qiymətləndirilməsi mütəxəssislər cəlb edilməklə təmin olunub. Klinik tapşırıq hissəsi üzrə hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilir və sonra bütün suallar üzrə verilən ballar toplanılır (cəmi 25 mümkün bal). Klinik tapşırıq hissəsi üzrə 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunurlar.
İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır. Ən yüksək nəticəni göstərən namizəd vakant vəzifəyə təyin olunur. İmtahan nəticələrinə əsasən, ikinci mərhələdə iştirak edən 73 namizəddən həkim vəzifələri üzrə 14 namizəddən 12-si, orta tibb işçisi vəzifələri üzrə 59 namizəddən 42-si müvafiq keçid balını toplayıb və onların siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün Səhiyyə Nazirliyinə göndərilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən ilk dəfə olaraq muxtar respublikada tibb işçilərinin işə qəbulu müsabiqə əsasında keçirilib.