Naxçıvanda keçirilən onlayn respublika elmi-praktik konfransında 80-dən çox məruzə dinlənilib
Naxçıvan, 12 may, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər - 2020” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib.
Naxçıvan Müəllimlər İnstitutundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda institutun rektoru Azad Novruzov ali təhsil ocağında fənn kurikulumlarının tətbiqi ilə bağlı görülmüş işlərdən danışıb. Bildirilib ki, hər il ənənəvi olaraq institutda mövzu ilə əlaqədar olaraq respublika elmi-praktik konfransı keçirilir. Kurikulum islahatlarının tarixinə toxunan rektor qeyd edib ki, institutda muxtar respublikada müəllimlərin ixtisasartırması və təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə fəaliyyət göstərən pedaqoji ictimaiyyətin elmi-metodik təminatı ilə bağlı həyata keçirilməsi funksional vəzifələr sırasındadır.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, universitetdə yaradılan müasir maddi-texniki imkanlar, distant təhsil şəbəkəsi üçün yaradılan infrastruktur bu gün 1000-ə yaxın insanı mövcud proqram vasitəsilə virtual məkana dəvət etmək imkanına malikdir. Rektor qeyd edib ki, rəhbəri olduğu ali təhsil ocağında pedaqoji profilli 16 ixtisasın mövcuddur, magistratura səviyyəsini 5 ixtisas üzrə 50-yə yaxın tələbə təhsil alır. Bu ali təhsil ocağında doktorantura səviyyəsində pedaqoji profilli ixtisasların tədqiqatyönümlü işlərə cəlb edilməsi peşənin gələcək perspektivindən xəbər verir.
Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov müasir dövrdə ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə bağlı yaradılan şərait və kurikulumun tətbiqindən sonra təhsildə qazanılan uğurlar barədə danışıb. Gənc müəllimlərdən ibarət assosiasiyanın yaradılmasından da bəhs edən nazir bildirib ki, muxtar respublika təhsil strategiyasının mühüm tərkib hissəsi kimi birliyin yaradılmasında əsas məqsəd azad fikrə, yaradıcı gücə, innovativ biliklərə malik olan fəal gənc müəllimlərin bir araya gəlməsi və innovativ layihələrin tətbiqi və icrasıdır.
Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılovun “Şagirdlərin təlim nailiyyətlərinin pedaqoji monitorinqi”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyevanın “İbtidai siniflərdə fənlərarası inteqrasiyanın təşkili təcrübəsi” mövzusunda məruzələri dinlənilib.
Müxtəlif bölmələr üzrə öz işini davam etdirən konfransda 80-dən çox məruzə dinlənilib.