Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlara həsr olunmuş yeni Dövlət Proqramı qəbul edilib
Naxçıvan, 15 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 15-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının təmin olunmasıdır.
Proqramda Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası sahəsində sistemli tədbirlərin görüldüyü qeyd olunur. Vurğulanır ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu mənada mühüm əhəmiyyətə malik olub, sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər, ümumtəhsil, uşaq musiqi məktəblərinə, məktəbdənkənar təhsil müəssisələrinə və idman qruplarına, distant dərslərə cəlb ediliblər.
Vurğulanıb ki, yeni Dövlət Proqramının qəbulu sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin edəcək, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində yeni fəaliyyət istiqamətləri müəyyənləşdiriləcəkdir.