Nazir müavini: Dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi genişləndiriləcək
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycanda dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın aylarda yeni layihələrin icrasına başlanılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada deyib.
Rəşad Həsənov bildirib ki, hazırda süni intellekt əsaslı həllərdən istifadə edilir və növbəti aylarda bu texnologiyaların funksionallığının daha da genişləndirilməsi planlaşdırılır. Bu istiqamətdə artıq layihələr müəyyənləşdirilib və yaxın aylarda onların icrasına başlanacaq.
Nazir müavini qeyd edib ki, vətəndaşlarla daha rahat ünsiyyətin qurulması məqsədilə dövlət rəqəmsal xidmətlərinə voice-to-text (nitqin mətnə çevrilməsi) və voice-to-voice (səsli ünsiyyət) texnologiyalarının inteqrasiyası da nəzərdə tutulur: “Bu yeniliklər vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin əlçatanlığının və operativliyinin artırılmasına xidmət edəcək”.