SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Maliyyə-İqtisadiyyat Komitəsindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Maliyyə-İqtisadiyyat Komitəsinin sədri Çen Quanyi keçirdiyi görüşlər barəsində Azərbaycanın Baş nazirinə məlumat verərək qeyd etdi ki, Çin nümayəndələrinin respublikamıza mütəmadi səfərləri bu ölkənin Azərbaycana xüsusi əhəmiyyət verdiyinə sübutdur. O xatırlatdı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri zamanı bir çox mühüm sazişlər imzalandıqdan sonra ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr daha intensiv şəkildə inkişaf etməyə başlamışdır. Qonaq on il əvvəl müstəqil Azərbaycanla diplomatik əlaqələr qurmuş Çin Xalq Respublikasının beynəlxalq aləmdə həmişə ölkəmizin haqq işini dəstəklədiyini, onun suverenliyinin və ərazi bütövlüyünün qorunmasına səs verdiyini xüsusi qeyd etdi. Sonra Çen Quanyi maliyyə və iqtisadiyyat sahələrində əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu nəzərə çatdıraraq bu istiqamətdə səmərəli fəaliyyətin hər iki tərəf üçün faydalı olacağını vurğuladı.
Azərbaycanın hələ qədim dövrlərdən məşhur İpək Yolu vasitəsilə əlaqədə olduğu Çin ilə bu gün TRASEKA proqramı çərçivəsində sıx işbirliyi qurmağa hazır olduğunu bildirən Baş nazir Artur Rasizadə ikitərəfli faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinin və genişləndirilməsinin zəruriliyini nəzərə çatdırdı. Sonra ölkədəki iqtisadi-sosial duruma toxunan Baş nazir Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə qonaqlara ətraflı məlumat verərək vurğuladı ki, buna baxmayaraq, son illər aparılan islahatlar cəmiyyət həyatına müsbət təsir göstərmiş, əhalinin sosial-iqtisadi durumunun daha da yaxşılaşmasına səbəb olmuşdur. Baş nazir Artur Rasizadə Azərbaycanla Çin Xalq Respublikası arasında ticarət dövriyyəsinin getdikcə artdığını xatırlatmaqla yanaşı, eyni zamanda əlaqələrimizin daha yüksək səviyyədə davam etdirilməsinin vacibliyini və bir çox sahələrə, xüsusən qeyri-neft sektoruna Çin sərmayəsinin cəlb olunmasının əhəmiyyətini qeyd etdi.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Can Siyun qəbulda iştirak edirdi.