NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Sentyabrin 27-də baş nazir Artur Rasizadə Moskva hökumətində merin birinci müavini, hökumətlərarası komissiyanın həmsədri Lyudmila Şvetsovanın başçılığı ilə Moskva hökumətinin nümayəndə heyətini qəbul etmişdir.
Artur Rasizadə qonaqları səmimi salamlayaraq dedi ki, son illər Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qalxmışdır. İkitərəfli və qarşılıqlı surətdə faydalı əlaqələrin genişlənməsi ilk növbədə iki ölkənin dövlət başçılarının tez-tez keçirilən görüşlərinin nəticəsidir.
Baş nazir birgə hökumətlərarası komissiyanın işindən söhbət açaraq, əvvəllər mövcud olan bir çox fikir ayrılıqlarının aradan qaldırıldığını bildirdi. O dedi ki, yüklərin sərhəddə saxlanması halları azalmış, habelə Azərbaycan ilə Moskva arasında əmtəə dövriyyəsi xeyli artmışdır.
Baş nazirin birinci müavini Abbas Abbasov bildirdi ki, Azərbaycandan Moskvaya meyvə və tərəvəz göndərilməsinin həcmini artırmaq üçün kənd təsərrüfatı məhsullarının tədarükü və daşınması ilə məşğul olacaq xüsusi strukturların yaradılması nəzərdə tutulur.
Səmimi qəbula görə təşəkkür edən Lyudmila Şvetsova Bakı Slavyan Universitetində keçirdiyi görüş və orada “Moskovskaya auditoriya” Rusiya mədəniyyət-tədris mərkəzinin açılışı barədə məlumat verdi. O, Rusiya paytaxtının təhsil sistemində aparılan islahatlar, MDB ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi sahəsində Moskva hökumətinin təşəbbüsləri üzərində dayandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparıldı.
Qəbulda təhsil naziri Misir Mərdanov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər iştirak edirdilər.