NEFT VƏ NEFT MƏHSULLARININ BEYNƏLXALQ TİCARƏTİ MÖVZUSUNDA SEMİNAR BAŞA ÇATMIŞDIR
Böyük Britaniyanın “Bright Sparks” şirkətinin eksperti Syuzan Teylorun neft ticarəti, neft bazarının strukturu, tələb–təklif, neftin qiyməti, neft məhsulları, “Brent” markasının rolu, mahiyyəti barədə mühazirəsi xüsusi maraq doğurmuşdur.
Seminarın davam etdiyi 3 gündə neftin nəqli, ticarəti ilə bağlı bazarın öyrənilməsi, qiymətin formalaşması, neftin keyfiyyətinin qiymətləndirilməsi, neft məhsullarının kotirovkalarının formalaşması, risklərin idarə olunması, keçmiş SSRİ məkanında, xüsusilə Xəzər regionunda neftçıxarma, satış, qiymətləndirmə işinin mövcud vəziyyəti, bazarları və başqa məsələlər ətrafında geniş fikir mübadiləsi, ətraflı müzakirə və diskussiyalar aparılmışdır.
ARDNŞ-in nümayəndələri xarici ekspertlərə ölkəmizdə uğurla həyata keçirilən yeni dövlət neft strategiyasının mahiyyəti, “Əsrin müqaviləsi” layihəsi çərçivəsində görülən işlər, proqramlar barədə məlumatlar vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Qonaqlar tədbirin davam etdiyi günlərdə Bakıda neft sənayesinin tarixi və bu günü haqqında konkret, əyani bilgilər almış, eyni zamanda paytaxtın mədəni, tarixi abidələri ilə tanış olmuşlar.