Neftçalada quraşdırılan modul tipli məktəb binalarının inşası başa çatıb
Neftçala, 29 mart, Mahir Babayev, AZƏRTAC
Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunaraq yeniləşdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunda bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlətimizin başçısının sərəncamı ilə ötən il rayonda daha 7 modul tipli məktəb binası quraşdırılıb.
Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərə kəndlərində inşa olunub. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Artıq kəndlərdə quraşdırılan tikililərin yeddisində də inşaat işləri tam başa çatdırılıb, binalar müəllim və şagirdlərin istifadəsinə verilib.
Məktəblər yeni inventar və texniki avadanlıqlarla təchiz olunub.