İDMAN
“Neftçi” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində VİDEO
Bakı, 25 iyul (AZƏRTAC, Məhərrəm Əlioğlu). Bakının “Neftçi” futbol klubu iyulun 24-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Sloveniyada yerli “Koper” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “SRC Bonifika stadionu”nda keçirilən qarşılaşmada “Neftçi” komandası gözəl oyun nümayiş etdirib. Oyunun ilk hissəsində “Neftçi”nin bir neçə qol vurmaq şansı olub. Azərbaycan təmsilçisinin 19 nömrəli oyunçusu Mirhüseyin Seyidov 21-ci dəqiqədə hesabı açıb. Bundan sonra “Neftçi” üstünlüyü daha da artırıb. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin digər oyunçusu Karlos Kardoso ikinci topu rəqib komandanın qapısından keçirib. Bununla da “Neftçi” iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.
Oyunu fransadan olan hakim Benoit Millot idarə edib. Ona həmyerliləri Stephan Luzi, Cyril Saint Cricq Lompre kömək ediblər.
Böyükağa Hacıyevin yetirmələri Bakıda rəqibə 1:2 hesabı ilə məğlub olsa da növbəti mərhələyə adlamaq üçün çətin işin öhdəsindən gəldi.
“Neftçi”nin heyətində oyuna Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Bruno Bertuççi, Kaue, Mirhüseyin Seyidov, Ernest Nfor çıxıb.
“Koper”in heyətində isə Bojidar Radoçeviç, Miha Blajiç, İviça Quberaç (k), Periça İvetiç, Domen Çrniqoy, Qoran Qaleşiç, Denis Haliloviç, Damir Hadjiç, Matey Palçiç, Yaka Ştromayer, Miroslav Çovilo meydana çıxıb.