“Neftqazelmitədqiqatlayihə” İnstitutunda Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad edilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra çıxış edən institutun direktoru Fəxrəddin İsmayılov tarixən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açmış və bu sırada Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulamışdır. Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum etmiş, bu zaman şəhərin sakinlərindən 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olmuşdur.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırmışdır ki, Xocalı faciəsi nəinki azərbaycanlılara, bütün dünyada sülhü sevən insanlara qarşı törədilmiş soyqırımıdır. Bu gün Azərbaycan həqiqətlərinin təbliği, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, artıq Pakistan və Meksikada Xocalı faciəsi rəsmi olaraq soyqırımı kimi tanınır. Bu gün dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 20-ci ildönümü qeyd edilir, faciə qurbanlarının xatirəsi anılır.
V.Rəhimzadə bildirmişdir ki, hər bir Azərbaycan vətəndaşı Xocalı soyqırımının dünyaya tanıdılması sahəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bu istiqamətdə xüsusilə qeyri-hökumət təşkilatları, KİV nümayəndələri, ümumiliklə hər bir azərbaycanlı fəal olmalıdır. Bu, bizim ümumxalq işimizdir.
Tədbirdə faciə ilə bağlı sənədli film də nümayiş etdirilmişdir.