QAN YADDAŞI
NƏQLİYYAT NAZİRLİYİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ EHTİRAMLA ANILMIŞDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Nəqliyyat Nazirliyində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə Vətənimizin azadlığı uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı hadisədən danışmış, bu faciənin ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinin və onlara havadarlıq edən SSRİ rəhbərliyinin birgə terror aksiyası olduğunu xatırlatmışdır.
Nazirlik aparatının rəhbəri Cavid Nəcəfov bildirmişdir ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmiş, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşmuşuq.
Mərasimdə 20 Yanvar hadisələrinin şahidləri çıxış edərək Bakının küçələrinə və meydanlarına çıxıb SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmasına dair çoxsaylı faktlar səsləndirmişlər.