Nəqliyyatçı gənclər Xocalı soyqırımını anmışlar
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dövlət Dəmir Yolları” QSC ərazi təşkilatı gənclər birliyinin təşəbbüsü ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində növbəti maarifləndirmə aksiyası keçirilmişdir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən kompaniya dünya miqyasında geniş yayılaraq böyük bir coğrafiyanı əhatə etmişdir. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır.
Pakistan, Meksika, Çex Respublikası, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanımışlar. Bundan əlavə, ABŞ-ın bir çox ştatının qanunverici orqanları bu faciənin soyqırımı kimi tanınması haqqında qərar qəbul etmişlər.
Öz növbəsində ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı növbəti geniş maarifləndirmə kampaniyasını həyata keçirir. Bu kampaniya çərçivəsində “XOCALI...Azərbaycana qarşı bəşər faciəsi” yazısı Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, avtobuslar, sabit və səyyar elan lövhələrinə vurulmuşdur. Avtomobillərin işıqları binaların yan divarlarına vurulmuş yazıların üzərinə düşdükdə, məlumatları işıqlandırılır. Vaşinqtondakı “National Mall” və “Union Station”, Nyu-Yorkdakı “Washington” və “Times Square” bu kampaniyanın yönəldiyi və nəqliyyatın hərəkətinin çox sıx olduğu məşhur yerlərdən bir qismini təşkil edir .
AAA-nın təsisçisi Anar Məmmədovun dəstəyi ilə YAP “Azərbaycan Dövlət Dəmir Yolları” QSC ərazi təşkilatı gənclər birliyi və Milli Qəhrəman Yunis Nəcəfov adına “Gənc Dəmiryolçular” klubunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində növbəti layihəsi reallaşdırmışdır. Layihənin birinci mərhələsində yüzlərlə nəqliyyatçı gənc informasiya müharibəsi çərçivəsində dünya ölkələrinin və təşkilatlarının rəhbərlərinin elektron poçt ünvanına Xocalı həqiqətlərini özündə əks elətdirən elektron məlumatları göndərmişdir. Sonrakı mərhələdə Xocalı soyqırımı ilə əlaqədar iri poster, buklet və broşürlər hazırlanaraq Bakı-Moskva, Bakı-Xarkov və Bakı-Tbilisi xətti üzrə hərəkət edən sərnişinlərə paylanılmışdır. Üç dildə hazırlanan buklet , disk və broşürlər, xüsusən də, yuxarıda qeyd etdiyimiz istiqamətlər üzrə hərəkət edən əcnəbi sərnişinlər tərəfindən maraqla qarşılanmışdır.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC YAP ərazi təşkilatı gənclər birliyinin sədri, Milli Qəhrəman Yunis Nəcəfov adına “Gənc Dəmiryolçular” klubunun təsisçisi Fuad Rəsulov Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kompaniyası və AAA-nın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə reallaşdırılan “XOCALI...Azərbaycana qarşı bəşər faciəsi” kompaniyası haqqında geniş məlumat vermişdir.
YAP “Azərbaycan Dövlət Dəmir Yolları” QSC ərazi təşkilatının sədri Xeyrulla Hümmətov çıxış edərək nəqliyyatçı gənclərin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Təşkilatın sədr müavini Fazil İbrahimov Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir. YAP Gənclər Birliyinin qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin müdiri, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının təsisçisi və sədri Səbuhi Abbasov təmsil etdiyi qurumun bu istiqamətdə apardığı işlərdən danışmışdır.
Tədbirin sonunda Xocalı soyqırımı haqqında Bakı Şəhər İcra Hakimiyyətinin kino xidməti tərəfindən üç dildə hazırlanmış buklet, disk və broşürlər iştirakçılara təqdim olunmuşdur.