“Nərimanov” elektrik deposunda yanğınların söndürülməsi üsulları izah edilib – TƏLİM
Bakı, 30 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisindəki vaqonlar parkında təlim keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin mövzusu vaqonlar parkında baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in 112 - qaynar telefon xəttinə “məlumat verilib”.
Sonra nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları metropolitenin yanğın təhlükəsizliyinə məsul şəxslərinə baş verə biləcək yanğın hadisələri zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.