Nərimanov rayonunda ictimaiyyət nümayəndələrinə zəruri təbliğat materialları paylanılıb
Bakı, 22 dekabr, AZƏRTAC
Əhalinin maarifləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayon ərazisində “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici bukletlər paylanılıb.
Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-a məlumat veriblər.
Aksiya çərçivəsində könüllülər tərəfindən rayonun yaşayış ərazisinin müxtəlif ünvanlarda sakinlərlə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib. İctimaiyyətin nümayəndələrinə narkotik vasitələrin zərərli təsirləri, onların istifadəsinin fəsadları və narkomaniyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, narkotik asılılığının insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilib, sağlam həyat tərzinin təbliği aparılıb.