Nərimanov rayonunda keçirilən ağacəkmə kampaniyasında yüksək fəallıq müşahidə olunub
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib. Yaşıllaşdırma marafonunda məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Genişmiqyaslı iməciliyə Yeni Azərbaycan Partiyasının üzvləri, Milli Məclisin deputatları, IDEA İctimai Birliyinin, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti, könüllü sakinlər, gənclər yüksək fəallıqla qoşulublar. Əvvəlcə Azadlıq prospekti boyunca yol kənarındakı ərazidə, daha sonra isə Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ətraf ərazi tullantılardan təmizlənib. Burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib. Ərazidə 2016 ədəd Eldar şamı və İtaliyadan gətirilən, hündürlüyü 5 metrə yaxın 93 ədəd Leylandra ağacları əkilib.
Aprel döyüşləri zamanı təmas xəttində qəhrəmancasına şəhid olan Nərimanov rayonundan hərbi xidmətə çağırılmış Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbirdə iştirak edərək Ulu Öndərin xatirəsinə ağac əkib.
Kampaniya rayonun bütün idarə, müəssisə və təşkilatlarında davam edəcək.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verib. Bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib.
Ulu Öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və real bəhrəsini verir. Bu istiqamətdə görülən bütün işlər paytaxtımızın daha da gözəlləşməsinə, dünyanın ən gözəl şəhərləri sırasında öz yerini tutmasına əməli töhfədir.