CƏMİYYƏT
Nərimanov rayonunda “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nərimanov Rayon Polis İdarəsinin narkomaniya ilə mübarizə bölməsinin müvəkkili Şirin Əzimov, universitetin İctimai Siyasi Elmlər fakültəsinin dekan müavini Tural Vəlizadə, auditoriyadan kənar işlər üzrə şöbə müdiri Günay Həsənova, 8 saylı poliklinikanın həkimi Amil Eyvazov və tələbələr iştirak ediblər.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edib, yeniyetmə və gənclər arasında narkomaniya ilə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb. İdarə rəisi tədbirin Azərbaycan cəmiyyətinə çağırış olduğunu deyərək gəncləri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa və zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Çıxış edən ekspertlər narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Bildirilib ki, insanların mənəvi-əxlaqi dəyərlərinin, sağlamlığının və rifahının qorunması məqsədilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümummilli lider Heydər Əliyev tərəfindən ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilib. Ulu Öndərin siyasi kursunu bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı Sərəncamla təsdiq edilən narkomanlığa qarşı mübarizəyə dair “2019-2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Narkotik vasitələrin, prekursorların, psixotrop maddələrin və digər zərərli vərdişlərin cəmiyyət arasında geniş vüsət almasının qarşısının alınması istiqamətində qətiyyətli mübarizənin təmin edilməsi üçün elektron informasiya resurslarında zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadları və narkomaniyanın qurbanı olmuş şəxslərın acınacaqlı aqibəti ilə bağlı materiallara yer verilməsi, profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, hüquq-mühafizə orqanları və digər dövlət hakimiyyət strukturları tərəfindən tədris müəssisələrində şagirdlər və tələbələrlə davamlı görüşlər keçirilərək onlarla maarifləndirici və mənəvi-əxlaqi söhbətlərin aparılmasının vacibliyi müzakirə olunub.
Sonda tələbələrin sualları cavablandırılıb, onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.