CƏMİYYƏT
Nəsimi rayonunda Azərbaycan dilində etiket məlumatları olmayan içkilərin satışı dayandırılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 44 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Xəyyam Məhəmməd oğluna məxsus alkoqollu və alkoqolsuz içkilərin topdan və pərakəndə satışı obyektində agentlik əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, anbar sahəsində hər biri 300 millilitr olan “Doğan Ay” əmtəə nişanlı 17 ədəd acılı və 8 ədəd acısız şalğam suyunun etiketlənməsində Azərbaycan dilində məlumatların olmadığı, məhsulların saxlanma şəraitinə əməl edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların satışı dayandırılıb, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.