Nəsimi rayonunda güllə atıcılığı üzrə turnir keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 46 saylı tam orta məktəbdə güllə atıcılığı üzrə “Mahir nişançı” adlı turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova və digərləri Xocalı soyqırımının dəhşətlərindən söz açıb, erməni millətçilərinin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktının yalnız azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyət əleyhinə törədilmiş cinayət olduğunu bildiriblər. Çıxışlarda müasir dövrdə yeniyetmə və gənclərdə vətənpərvərlik hislərini gücləndirmək baxımından belə yarışların əhəmiyyəti qeyd olunub.
Daha sonra yarışa start verilib. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qaliblər mükafatlandırılıb.