REGİONLAR
Nəsimi Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan qüdrətli söz ustasıdır
Balakən, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dahi şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyan, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan Nəsiminin poeziyasındakı humanizm, mübarizlik, vətənpərvərlik, müstəqillik və azadlıq ideyaları bu gün də aktualdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə dekabrın 5-də Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən “Ölümü ilə ölməzlik qazanan şair” adlı tədbirdə səsləndirilib.
Tədbirdə qüdrətli söz ustasının Azərbaycan ədəbiyyatındakı yeri və rolundan geniş söhbət açılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2019-cu il dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilib. Bununla əlaqədar Balakən rayonunun mədəniyyət müəssisələrində silsilə tədbirlər, o cümlədən “Məndə sığar iki cahan”, “Zamansız və məkansız”, “Haqq və ədalət carçısı”, “Cahana sığmayan mütəfəkkir şair” və digər mövzularda ədəbi-bədii və poeziya gecələri, dəyirmi masalar keçirilib, bədii qiraət müsabiqələri təşkil olunub. Keçirilən tədbirlərdə idealı uğrunda edam olunan və son nəfəsinədək haqq bildiyi sözündən dönməyən şairin ölümünün əfsanələşərək, xalqın yaddaşında, aşıqların sazında, sözündə yaşayaraq dövrümüzədək gəlib çıxdığı qeyd olunub.
Tədbirdə şairin qəzəlləri ifa olunub, “Nəsimi” filmi əsasında mədəniyyət işçilərinin hazırladığı tamaşadan parçalar nümayiş etdirilib.