Nicat Abdullayev: Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq üçün geniş potensial var
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm və təhsil istiqamətində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Özbəkistanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında AzMİU-nun PR və media şöbəsinin müdiri Nicat Abdullayev söyləyib. O bildirib ki, AzMİU Özbəkistanın Daşkənd Memarlıq və İnşaat Universiteti, Səmərqənd Dövlət Memarlıq və İnşaat Universiteti və Buxara Dövlət Universiteti ilə əməkdaşlıq edir. Bu əlaqələr yalnız institusional tərəfdaşlıqla məhdudlaşmır, müxtəlif istiqamətlər üzrə praktiki əməkdaşlıqla da davam etdirilir. Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadilələri həyata keçirilib, qarşılıqlı səfərlər, akademik görüşlər və təcrübə mübadilələri təşkil olunub. Eyni zamanda, AzMİU Özbəkistanın ali təhsil müəssisələri ilə Orhun Mübadilə Proqramı çərçivəsində tərəfdaşlıq edir. Bu imkanlar universitetlər arasında akademik mobilliyin genişləndirilməsinə, professor-müəllim heyəti və tələbələr arasında birbaşa əlaqələrin gücləndirilməsinə xidmət edir. Özbəkistan universitetləri ilə əməkdaşlığımızda elmi-tədqiqat istiqaməti də xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihə və proqramların həyata keçirilməsi, elmi tədbirlərdə qarşılıqlı iştirak, tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsi universitetimizin beynəlxalq fəaliyyətinin mühüm istiqamətlərindəndir. Xüsusilə memarlıq, inşaat, mühəndislik, şəhərsalma və digər əlaqəli istiqamətlər üzrə birgə elmi-tədqiqatların aparılması və akademik əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.

“Qarşıdakı dövrdə akademik mobilliyin miqyasının artırılması, birgə elmi-tədqiqat və qrant layihələrinin hazırlanması, ortaq akademik təşəbbüslərin reallaşdırılması, universitetlər arasında təcrübə və bilik mübadiləsinin daha da intensivləşdirilməsi əməkdaşlığın əsas perspektiv istiqamətləri kimi nəzərdən keçirilir”, - deyə şöbə müdiri bildirib. O vurğulayıb ki, AzMİU Özbəkistan universitetləri ilə formalaşmış tərəfdaşlığın yeni layihə və təşəbbüslərlə zənginləşdirilməsini və uzunmüddətli, davamlı akademik əməkdaşlığa çevrilməsini əsas hədəflərdən biri hesab edir.
Müxbir - Tünzalə Arazlı