İQTİSADİYYAT
Nobel prospektində hərəkət bərpa olunub VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Paytaxtın Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsi ərazisində layihələndirilən yeraltı piyada keçidinin tikintisi işləri yekunlaşıb. Həmin ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, noyabrın 14-dən etibarən Nobel prospektində qazılmış sahə bərpa edilib və yeni asfalt-beton örtüyü döşənib.
Eyni zamanda, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 metr uzunluğunda qalereyanın tikintisi də başa çatıb.
Hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir. Bundan başqa 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.